Naxçıvan məhsulları “Prodekspo – 2019” sərgisində nümayiş olunub

PrintE-mail

Nəşr edilib 20.02.2019

11-15 fevral tarixlərdə Rusiyanın ­Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo – 2019” sərgisi açılıb.

Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan sərgidə dünyanın 65 ölkəsindən qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edib. 30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələri əhatəli şəkildə təqdim olunub.
XXVI beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisinin baş sponsoru bu il də Azərbaycan olub. Sərgidə qida, şərab və spirtli içkilər sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edib. Azərbaycan şirkətlərinin təmsil olunduğu ekspozisiyada kənd təsərrüfatı məhsulları, konservlər, mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq, cəviz, quru meyvə, qənnadı məmulatları təklif edilib. 
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədilə Rusiyanın paytaxtı Moskvada təşkil edilən “Prodekspo – 2019” sərgisində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri də iştirak edib. Sərgidə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli ­Cəmiyyətinin bütün növ unlu-qənnadı məhsulları və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin qazlı və qazsız mineral suları nümayiş olunub.
Xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan “Ləzzət Qida Sənaye” MMC-nin “Lay-lay” vafli məhsulları “Ən yaxşı məhsul” nominasiyasında birinci yerə layiq görülərək qızıl medalla təltif edilib.

Çinarə Balayeva

 

Naxçıvanda sahibkarlarla görüş olmuşdur

PrintE-mail

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuş, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat  keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ölkəmizdə yaradılan əlverişli biznes mühiti və özəl sektora göstərilən diqqət sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir ki, “Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, həm də maddi dəstək. Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına bu qədər diqqət göstərir”.

Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu gün muxtar respublikada istər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait nəticəsində mümkün olmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai-iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir.

Qeyd olunmuşdur ki, əhalinin ərzaqla təminatında kənd təsərrüfatı mühüm rola malikdir. Odur ki, bu sahə üzrə sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Aqrar sahədə sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli şərtlərlə texnika və avadanlıqlar, kreditlər, subsidiyalar, gübrə verilir, mütərəqqi suvarma sistemləri qurulur. Düşünürük ki, sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir. Ona görə də mühüm iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir.

Diqqətə çatdırılmışdır ki, müasir dövrdə turizm gəlir gətirən əsas sahələrdəndir. Naxçıvan Muxtar Respublikasının zəngin tarixi, mədəniyyəti və coğrafi şəraiti ilə yanaşı, müasir infrastruktur imkanları da turizm üçün, bu sahədə sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açır. Müasir yaşayış məntəqələri, abad kəndlər, yollar, sürətli internet, keyfiyyətli məhsul istehsalı turizm sektorunda sahibkarların formalaşmasına zəmin yaradıb.

Ali Məclisin Sədri demişdir: Kəndlərimizdə turizmlə məşğul olan ailə təsərrüfatlarının yaranması da böyük məmnunluq doğurur. Muxtar respublikada sahibkarlığın üstün inkişafının bir səbəbi davamlı maliyyə dəstəyinin olması və kreditlər üzrə ən aşağı faiz dərəcələrinin tətbiqidirsə, digər səbəbi ixracın təşviqi sahəsində görülmüş tədbirlərdir. Bu tədbirlər son nəticədə məhsul istehsalının və ixracın həcminin artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Yerli xammala əsaslanan məhsulların ixracı hesabına ardıcıl olaraq 10 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət dinamika qeydə alınır. Sahibkarlığın inkişafının dəstəklənməsinin və  yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olmuşdur.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına görə “Caspian European Club”un rəhbərliyinə, eləcə də ölkəmizin və muxtar respublikanın sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında əməyi olan bütün sahibkarlara təşəkkür etmişdir.

“Sahibkarlığın inkişafında məqsəd ondan ibarətdir ki, daha çox məhsul istehsal olunsun, daha çox yeni iş yerləri açılsın, sahibkarlıq subyektlərinin ixrac imkanları artsın, ailə təsərrüfatları genişlənsin. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait yaradılıb. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, rəqabətədavamlı məhsul istehsal etmək və ölkəmizin ümumi inkişafına töhfə vermək”, -deyən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”-,fikirlərini xatırlatmış, bu yolda sahibkarlara və tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Tədbirdə "Caspian European Club"un 2018-ci il üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq ardıcıl ikinci dəfə lider olması ilə bağlı təqdimat keçirilmişdir.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırlanan illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə lider olması və muxtar respublikanın yaranmasının 95-ci ildönümü münasibətilə təbriklərini çatdırmışdır. Qeyd olunmuşdur ki,  Naxçıvan Muxtar Respublikasının  investisiya reytinqində qalib olması artıq bir ənənəyə çevrilib. Bu da ulu öndər Heydər Əliyevin vətəni Naxçıvan Muxtar Respublikasında yaradılmış sabitliyin, özəl sektorun inkişafına göstərilən qayğının, açılan yeni iş yerlərinin və rəqabətədavamlı məhsul istehsalının nəticəsidir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin inkişafı təmin olunmuşdur. Sahibkarlara hərtərəfli qayğı göstərilir. Naxçıvan Muxtar Respublikasında da sahibkarlıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində güclü sahibkarlar sinfi formalaşmışdır.

Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və  biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin Sədrinə “Caspian European Club”un mükafatını təqdim etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlmiş, ixracın həcmi artmışdır. Kənd təsərrüfatının davamlı və dinamik inkişafı ailə təsərrüfatlarından bir hissəsinin kiçik sahibkarlıq subyektinə çevrilməsinə zəmin yaratmış, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir. Son 5 ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 113 milyon 762 min manatdan artıq kredit verilmişdir ki, bunun 40 milyon 497 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. İqtisadiyyatın diversifikasiyası və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmiş, 2018-ci ildə xarici ticarət dövriyyəsi 483 milyon 432 min Amerika Birləşmiş Ştatları dollarına çatmış, xarici ticarətdə 365 milyon 101 min Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır. 2014-2018-ci illərdə muxtar respublikada 85 elm və təhsil, 60 səhiyyə, 13 gənclər və idman, 137 mədəniyyət müəssisəsi, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 52 kənd və 54 xidmət mərkəzi tikilərək istifadəyə verilmiş, 1108 kilometr su xətti, 699 kilometr kanalizasiya xətti, 318 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş, 24 körpü tikilmiş və ya əsaslı təmir olunmuşdur. Famil Seyidov özəl sektorun inkişafı üçün yaradılan şəraitə görə sahibkarlar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada peşə təhsilinin inkişafı və ixtisaslı kadr hazırlığı təmin olunmuş, zəruri infrastruktur yaradılmışdır. Muxtar respublikada fəaliyyət göstərən 3 texniki-peşə və sürücülük məktəbi, 1 peşə liseyi və 1 regional peşə tədris mərkəzi üçün binalar tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, peşə təhsili müəsissələri 78 kompüter, 33 elektron lövhə, 6 avtotrenajor, 22 emalatxana, maşın və mexanizmlərlə təmin edilmişdir. Hazırda peşə təhsili müəssisələri əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir. Muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin, ailə təsərrüfatlarının yaradılması, yaradılan yeni müəssisələrdə müasir maşın və mexanizmlərin tətbiqi əmək bazarında peşə təhsilli kadrlara tələbatı artırmışdır. 2018-ci ildə muxtar respublikada 19 ixtisas üzrə 702-si qadın olmaqla 3109 nəfər peşə təhsili almışdır. Hazırda peşə təhsili müəssisələrində müxtəlif ixtisaslar üzrə ümumilikdə 873 müdavim təhsilini davam etdirir. Bu isə gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərir.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov demişdir ki, muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq 22 əsas şirkəti özündə birləşdirən "Cahan Holdinq" son illər uğurlu layihələrə imza atmış, yeni müəssisələr yaradılmış, 285 yеni iş yеri açılmışdır. Naxçıvan Muxtar Respublikasında gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə holdinqin tərkibində yaradılmış Tütün Yetişdirmə Mərkəzinin fəaliyyəti ötən il genişləndirilmiş, əkin sahələri 41 hektara çatdırılaraq 51 ton quru tütün tədarük edilmişdir. Bu tədbirlərin davamı olaraq 2019-cu ildə 22 ailə təsərrüfatı ilə 100 hektar ərazidə tütün əkini üçün müqavilələr bağlanmışdır. Bu məqsədlə cari ildə Cəhri kəndi ərazisində yeni mövsümü tədarük məntəqəsinin yaradılması başa çatdırılacaqdır. 2018-ci ildə torpaq mülkiyyətçilərinin və sahibkarların bu sahəyə marağının artdığını nəzərə alaraq şirkətin “Cahan Tabak Beynəlxalq” müəssisəsində 14 milyon manat dəyərində yeni istehsal xətti quraşdırılmışdır. Holdinqin məhsulları daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə də ixrac olunur. Holdinq Türkiyədə, Rusiyada, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında öz  filiallarını  açaraq xarici bazarlarda təmsil olunmağa başlamış, Moskva şəhərində və Türkiyənin İqdir şəhərində yeni satış mərkəzləri yaradılmışdır. Bunlarla yanaşı, Bakı, Gəncə, Masallı, Quba, Goranboy və Şəki şəhərlərində  xidmət sahələri açılmışdır. Vüqar Abbasov sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Tədbirdə çıxış edən “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Kamil Yusifov demişdir ki, 2016-cı ildən fəaliyyət göstərən “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasına 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondundan, 2 milyon manatı “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla, ümumilikdə 12 milyon manat vəsait sərf olunmuşdur. Muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edən dördüncü nəsil mobil rabitə şəbəkəsinin 2018-ci ildə abunəçi sayı 2 dəfə artırmışdır. Hazırda Naxtelin qeydiyyatdan keçən abunəçi sayı 65 mini ötüb. Naxçıvan şəhərindəki və rayonlardakı Naxtel Satış və Xidmət Mərkəzləri abunəçilərə keyfiyyətli mobil rabitə xidmətləri təklif edirlər. “Naxçıvanbank”a məxsus pos-terminallar, ATM və vətəndaşların müxtəlif kateqoriyalı ödənişlərini vahid ödəniş platformasından icra etməsi Pay-Point ödəniş terminallarında Naxtelin data şəbəkəsi vasitəsilə həyata keçirilir. Beynəlxalq rominq xidməti artıq 7 ölkədə aktivləşdirilib və digər ölkələrdə də aktivləşdirilməsi üçün işlər test və yoxlama mərhələsindədir. Ümumilikdə 25 ölkədə beynəlxalq rominq xidmətinin aktivləşdirilməsi planlaşdırılmışdır. Bu il yeni kampaniya, təklif, tarif və paketlər abunəçilərə təqdim ediləcəkdir. Kamil Yusifov göstərilən qayğıya görə minnətdarlıq etmiş, fəaliyyətlərini daha da genişləndirəcəklərini bildirmişdir.

“Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, qadın sahibkar Mehrəngiz Əkbərova demişdir: “Müxtəlif çeşiddə geyimlər istehsal edən “Zümrüd” Kiçik Müəssisəsi göstərilən qayğıdan bəhrələnərək fəaliyyətini genişləndirmiş, bazarın tələbatının böyük bir hissəsinin ödənilməsinə nail olmuşdur. 2018-ci ildə müəssisədə köynək, kişi, qadın, uşaq alt və üst trikotaj geyimləri istehsal edən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmışıq. İstehsal gücü 8 saatlıq iş rejimində 13 çeşiddə 1000 ədəd geyim olan müəssisə daxili bazarın tələbatını ödəyəcəkdir. İstehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki ticarət obyektlərində və kəndlərdəki xidmət mərkəzlərində satılır. Yeni istehsal sahəsinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, 45 yeni iş yeri açılmışdır. Fəaliyyətimiz üçün yaradılan şəraitə görə minnətdarlığımızı bildirir və əmin edirik ki, iqtisadiyyatımızın inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində göstərilən diqqət və qayğıya öz əməli işimizlə cavab verəcəyik”.

Babək rayonunun Hacıvar kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı və süd məhsullarının istehsalçısı İlqar Mirzəyev çıxış edərək demişdir: 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması ailə təsərrüfatlarını daha səylə fəaliyyət göstərməyə ruhlandırıb. Yaradılmış şəraitdən lazımınca yararlanaraq biz də öz ailə təsərrüfatımızı qurmuşuq. 2017-ci ildə Babək rayonunun Hacıvar kəndində gündəlik istehsal gücü 500 litr olan süd məhsullarının istehsalı sahəsini yaratmışıq. Təsərrüfatımızda istehsal sahəsi ilə yanaşı, hazır məhsulların saxlanılması üçün soyuducu kamera qurulmuşdur. İlkin mərhələdə təsərrüfatımızda iki çeşiddə qatıq istehsalı həyata keçirilirdisə, artıq burada 36 çeşiddə süd məhsulu istehsal olunur. İstehsal etdiyimiz məhsullar rayon ərazisində, eləcə də Naxçıvan şəhərindəki bir çox ərzaq mağazalarında ailə təsərrüfatı əmtəə nişanı ilə satışa çıxarılır. Təsərrüfatımızda müasir avadanlıqların quraşdırılması yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsal etməyə imkan verir. Yeni heyvandarlıq təsərrüfatı da yaratmışıq. Xammala  olan tələbat öz təsərrüfatımız hesabına ödənilir ki, bu da istehsal olunan məhsulun maya dəyərini xeyli aşağı salmışdır. Bundan başqa təsərrüfatımızda südün istehsalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük edirik. İqtisadi səmərə əldə etmək məqsədilə quşçuluq təsərrüfatımızı da inkişaf etdiririk. İstehsal olunan sağlam heyvandarlıq məhsullarının isə daimi alıcısı vardır. Təsərrüfatımıza ailə üzvlərimizlə yanaşı, 4 işçi də cəlb etmişik. Artıq ailə təsərrüfatımız kiçik sahibkarlıq subyekti kimi formalaşır. İlqar Mirzəyev muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün yaratdığı əlverişli şəraitə görə ailəsi adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.  Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 14 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər ərzaq məhsulun istehsalına, quşçuluq təsərrüfatının yumurtalıq sahəsinin yenidən qurulmasına, birdəfəlik istifadə üçün kağız stəkan istehsalı, ətlik istiqamətində heyvandarlıq, damazlıq arı təsərrüfatlarının və balın emalı sahələrinin, arıçılıq təsərrüfatlarının genişləndirilməsinə, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsinə, limon istixana təsərrüfatının, eləcə də soyuducu anbarın yaradılmasına sərf olunacaqdır.

Güzəştli kreditlə təmin olunmuş ailə təsərrüfatı sahibləri - Culfa şəhər sakini, arıçı İlqar Hüseynov və Kəngərli rayonunun Xok kənd sakini, fermer Hüseyn Məmmədov göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Tədbirdə 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilmişdir.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxmışdır.

Qeyd olunmuşdur ki, sərgi salonunda 94 müəssisənin 196 növdə və 1232 çeşiddə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, 80 sənətkar tərəfindən hazırlanan 1088 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Naxçıvan Avtomobil Zavodunda 15 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Ötən il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılıb.

Ali Məclisin Sədri qapalı müəssisələrin təminatının yalnız yerli istehsal hesabına ödənilməsi, muxtar respublikanın ixrac katoloquna müəssisələrin keyfiyyət sertifikatının da əlavə olunması, yerli istehsal hesabına toxuculuq və tikiş müəssisələri üçün xammal bazasının yaradılması, hədiyyəlik qızıl pulların istehsalı, Darıdağ suyundan hazırlanmış duzun tanıdılması, Naxçıvan Avtomobil Zavodu tərəfindən avtomobillərin ehtiyat hissələri təminatının həyata keçirilməsi, kəndlərdəki xidmət mərkəzlərinin yerli ərzaq və sənaye məhsulları ilə təminatının gücləndirilməsi barədə tapşırıqlar vermişdir.

2018-ci ilin muxtar respublika üçün uğurlu olduğunu bildirən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının illik investisiya reytinqində ikinci dəfə lider, eləcə də Dövlət İmtahan Mərkəzinin ötən ilin buraxılış imtahanları ilə bağlı hazırladığı məlumatlarda Naxçıvan Muxtar Respublikasının nəticələrinin ölkə üzrə ümumi statistik göstəricilərindən yüksək olduğunu diqqətə çatdırmış, bu işlərdə əməyi olanlara bir daha təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 
 

“Berlin Travel” Naxçıvan məhsulları haqqında video paylaşıb

PrintE-mail

Nəşr edilib 16.02.2019

Hər il ənənəvi olaraq Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq yaşıl həftə” satış sərgisində nümayiş olunan ekoloji təmiz Naxçıvan məhsullarına dünyanın hər yerində maraq yaranmaqdadır. Bu yaxınlarda YouTube video hostinqində “Berlin Travel” adlı istifadəçi tərəfindən yarım milyona yaxın insanın ziyarət etdiyi bu sərgidə təklif olunan Naxçıvan məhsulları haqda maraqlı video­material yerləşdirilib. Videoda “Made in Azerbaijan” brendi altında sərgilənən Naxçıvan məhsulları arasında Naxçıvan duzu, Ordubad mürəbbələri, müxtəlif içkilər, alma sirkəsi, lokum, meyvə quruları və digər məhsullar görünməkdədir. 
Qeyd edək ki, əsasən, kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi “Beynəlxalq yaşıl həftə” yüz ilə yaxın bir tarixə malikdir və cari ilin yanvarında keçirilən növbəti sərgidə də Naxçıvan Muxtar Respublikası təmsil olunub.

Əli CABBAROV

 
 

“Şərur broyler” daxili bazarın yüksəkkeyfiyyətli quş əti ilə təmin olunmasına öz töhfəsini verir

PrintE-mail

Nəşr edilib 16.02.2019

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük əhəmiyyətə malikdir. Son illərdə diyarımızda aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-­tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması sahibkarlığın da sürətli inkişafına əlverişli şərait yaradıb. Görülən işlər isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 
Bütün bunlar da muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin genişləndirilməsini, yeni müəssisələrin və iş yerlərinin açılmasını təmin edib. Belə istehsal müəssisələrindən biri də Şərur rayonunun Zeyvə kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatıdır. 
Bu günlərdə həmin müəssisədə olduq. “Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev bildirdi ki, müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə istehsal sahəsində Türkiyə, İtaliya mənşəli müasir avadanlıqlar quraşdırılıb. Eyni zamanda avtomatik rejimdə işləyən havalandırma və istilik sistemləri qoşulub, enerji kəsintisinin qarşısını almaq üçün ayrıca generator qoyulub. Müəyyən olunan qrafikə əsasən istehsal sahələrində dezinfeksiya işləri aparılır. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 150 ton olan 2 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar və digər iş otaqları var.

Sahibkarın sözlərinə görə, müəssisədə yaradılan şərait 45-50 gün ərzində 150 ton quş əti istehsal etməyə imkan verir. Toyuq bəsləmə sexi hər mövsümdə yuyulub təmizlənir, dezinfeksiya olunur, divarlar əhənglə ağardılır. Bəslənəcək ətlik cücələri yetişdirmək üçün hazırlanır. Sexdə təmizlik və səliqə-sahman, gigiyenik qaydalara əməl olunduğu elə ilk baxışdan nəzərə çarpırdı. 
Müəssisədə 10-dan çox çeşiddə məhsul istehsal olunur. Hazır məhsullar olan bölümdə satışa çıxarılacaq quş ətinin saxlandığı şəraitlə maraqlandıq. Toyuqlar kəsilir, təmizlənir, yuyulur və 3 mərhələli soyuducudan keçirilir. Əvvəlcə toyuq əti soyuducuda 30-40 dəqiqə ərzində sıfır dərəcəyədək soyudulur, paketlənir, sonra digər soyuducu anbarda mənfi 40 dərəcədə 8 saat saxlanılır, sonuncu – üçüncü mərhələdə isə hazır məhsul başqa bir soyuducu anbara yerləşdirilir, burada mənfi 18 dərəcə temperaturda saxlanılır və satışa çıxarılır. Məhsulların üzərində tərkibi, saxlanma şəraiti, istehsal və son istifadə tarixi göstərilir. 
İstehlakçılar tərəfindən bu məhsullara olan maraq get-gedə artmaqdadır. Bunu ticarət şəbəkələrindən, ayrı-ayrı şəxslərdən alınan sifarişlərdən də görmək olar. Belə ki, həmin məhsullar təkcə Şərur rayonunda deyil, Naxçıvan şəhərində də özünə xeyli sayda alıcı toplayıb. “Şərur broyler” ticarət nişanı ilə satışa çıxarılan məhsulların pərakəndə ticarət obyektlərinə çatdırılması üçün nəqliyyat vasitəsi də vardır. 
Məmməd Tağıyev onu da deyir ki, gələcəkdə Zeyvə kəndindəki ­bələdiyyə torpaqlarından icarəyə götürüb quş yemi – arpa, buğda və qarğıdalı yetişdirəcəklər. Onların üyüdülməsi üçün dəyirman binasının da inşası yekunlaşıb. 
Sahibkar onu da bildirdi ki, müəssisədə yumurtalıq toyuq saxlanılması istiqamətində dövlət dəstəyindən yararlanmaq üçün ötən günlərdə Sahibkarlığın İnkişafı Fonduna müraciət edib.
Müəssisə ilə tanışlığımızdan gəldiyimiz qənaət isə belə oldu ki, “Şərur broyler” muxtar respublikada əhalinin quş ətinə olan tələbatının ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına töhfəsini ­verməyə çalışır.

 
 

Sahibkarlığın inkişafı muxtar respublika iqtisadiyyatına öz töhfəsini verir

PrintE-mail

Nəşr edilib 16.02.2019

Sahibkarlığın inkişafı iqtisadi tərəqqinin əsas meyarlarındandır. Çünki istənilən bölgənin tərəqqisi sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. İllərdir, dünya təcrübəsi də göstərir ki, bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkar­ların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkar­lıqla, onun inkişafı ilə bağlayırıq”.

Təbii ki, ulu öndərimizin sahibkar­lığa bu cür yanaşması ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması sahibkarlıq subyektlərinin sayının daha da artmasına gətirib çıxarmış, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlmişdir. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişaf etdirilməsinə göstərdiyi diqqət və işgüzar mühitin yaradılmasıdır.

Naxçıvan Muxtar Respublikasında da əldə edilmiş iqtisadi nailiy­yətlərin təməlində həm də dövlət-sahibkar münasibətlərinin düzgün istiqamətdə qurulması dayanır. Ənənəvi olaraq hər il yerli sahibkar­larla görüşən, onların cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Sahibkarlar cəmiyyətin ən təşəb­büskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da, öz növbəsində, dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər. Hər bir sahibkar çalışmalıdır ki, əhali məşğulluğuna, yeni iş yerlərinin açılmasına, keyfiyyətli məhsul istehsalına, daxili bazarın təminatına, muxtar respublikanın ixrac potensialının daha da gücləndirilməsinə öz töhfəsini versin. Qeyd olunan vəzifələrin icrası o halda mümkündür ki, sahibkarlıq fəaliyyətində dövlət­-işçi-sahibkar münasibətləri düzgün qurulsun”.
Qeyd etmək lazımdır ki, ötən əsrin sonlarından blokada vəziyyətinə salınmış muxtar respublikada iqtisadi sektorun və bu sektorun əsasını təşkil edən özəl bölmənin inkişaf etdirilməsi asan olma­mışdır. Ancaq son illərdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər Naxçıvanın blokada şəraitində belə, necə inkişaf edəcəyinin yolunu göstərdi. Yerli xammal və enerji resurslarının, əhali ehtiyatlarının və ixtisaslı kadrların gücündən maksimum istifadə olunması ilə iqtisadi layihələrə start verilməsi muxtar respublika iqtisadiyyatının inkişaf etdirilməsində atılmış ilkin addımlar idi. Digər tərəfdən dövlətin qarşısında duran başqa bir vəzifə muxtar respublikaya investisiya axınını sürətləndirmək, yerli istehsal müəssisələrinin hesabına idxaldan asılılığı azaltmaq idi. Və ötən dövrdə bütün bu işlər məhz dövlət-sahibkar ­işbirliyinin sayəsində mümkün olmuşdur. 
Sevindirici haldır ki, bu gün muxtar respublikada sahibkarların fəaliyyəti üçün yaradılmış hərtərəfli şərait, əlverişli biznes və investisiya mühitinin nəticəsində 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan artıq olmuşdur. Bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye tutmuş və maddi istehsalın payı 58, 6 faiz təşkil etmişdir. İnkişaf parametrlərinin müxtəlif sahələr üzərində artımına diqqət etsək, görərik ki, 2017-ci illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,4 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz, o cümlədən mobil rabitə xidməti 2 faiz artmışdır. 
İstehsalçı ölkə və ya məkan üçün göstərici olaraq sənaye amili əsas götürülür. Diqqət etsək, görərik ki, muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan vermişdir. Bunun nəticəsidir ki, hər il sənaye məhsulu 
ümumi daxili məhsul istehsalında əsas yeri tutur. 2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Bu da əvvəlki ildəki göstəricidən 1,3 faiz çoxdur. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil etmişdir. 
Qeyd edək ki, bu gün sahibkarlıq subyektlərində çalışanlar məşğul əhalinin 83 faizini təşkil edir. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, naxçıvanlı sahibkarlar bu gün öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda muxtar respublikadan Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Litva, Türkmənistan, Rusiya və İran kimi ölkələrə ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları ixrac edirlər. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artmasının nəticəsidir ki, 2009-cu ildən muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.
Qeyd etmək lazımdır ki, muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə muxtar respublikada sahibkarlara 13 milyon 790 min 800 manat kredit verilmişdir. Bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 54 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 30 hüquqi və 2320 fiziki şəxs qeydiyyata alınmışdır. 
Məlumatda göstərilir ki, 2018-ci ildə Naxçıvan şəhərində 6-cı Beynəlxalq “Caspian Energy Forumu”nun keçirilməsi muxtar respublikanın sahibkarlıq subyektlərinin tanıdılması və əlaqələrinin genişləndirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növ­də məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir. 
Bəli, sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını ildən-ilə artırmaqdadır. Digər tərəfdən bu, Naxçıvanda lazımi investisiya mühitinin formalaşmasının göstəricisidir. Dövlətin qayğısını daim öz üzərlərində hiss edən naxçıvanlı sahibkarlar muxtar respublika iqtisadiyyatına töhfələrini verməyə çalışırlar.

Səbuhi HƏSƏNOV

 
 

Page 1 of 19

Joomla 1.5