"Azərbaycan Beynəlxalq Bankı" ASC Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa başlayıb

 

Hər zaman sahibkarların qayğısına qalan və onlara bizneslərinin inkişafı istiqamətində dəstək olan Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu həyata keçirilən dövlət dəstəyi tədbirlərində də fəal iştirak edir. Bu tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə əməkdaşlığa dair görüş keçirib.

Görüşdə  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini Anar Əhmədov qonaqları salamlayıb, Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də əlçatan və effektiv maliyyələşmə mexanizmlərindən söhbət açıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nümayəndələri çıxışları zamanı SİF-lə olan effektiv əməkdaşlıqları sayəsində ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatlarından biri olacaqlarını qeyd ediblər. Bank nümayəndələri bu uğurlu əməkdaşlığın qısa bir müddətdə Azərbaycanın digər regionlarında olduğu kimi muxtar respublikada da SİF-in güzəştli kreditlərini təqdim edən ən aktiv bank olacağına əmin olduqlarını bildiriblər.

Daha sonra  "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu arasında müqavilə imzalanıb. Müqaviləni “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin idarə heyətinin sədri Novruz Novruzlu və Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli imzalayıb. Bu müqavilə sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarını genişləndirməyə və onlara bankla tərəfdaşlıq çərçivəsində biznes layihələrini reallaşdırmağa imkan verəcəkdir.

Sonda qonaqlar Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli istehsal məhsulları ilə əyani tanış olublar.                                                                                                                                                                                                                   

                                                                                                                                                              Naxçıvan Muxtar Respublikası

                                                                                                                                                      İqtisadiyyat Nazirliyinin mətbuat xidməti