Dövlət Proqramından irəli gələn vəzifələr uğurla yerinə yetirilmişdir

 

   Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olmuşdur.

  “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi  muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2019-cu ildə də davam etdirilmişdir.  Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm İstehsalat Birliyinin Ordubad və Şərur dayaq məntəqələrində ümumilikdə muxtar respublikanın torpaq iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik 372 meyvə sortunun və Birliyin həyətyanı kolleksiya bağında isə üzümün 54 sortunun genetik fondu toplanmışdır. Toplanmış toxumların gələcəkdə artırılması üçün həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar olaraq “Araz” Elm İstehsalat Birliyinin Toxum bankına verilmişdir. Meyvə bağlarına qulluq göstərilməsinə dair aparılan elmi-tədqiqat işləri çərçivəsində 8 elmi məqalə, 30 buklet informasiya bülleteni hazırlanmış və rayon qəzetlərində 13 məqalə dərc edilmişdir. Azərbaycan Milli Elmlər Akedemiyasının Naxçıvan bölməsində muxtar respublikada meyvəçiliyin inkişaf etdirilməsi, genişləndirilməsi, ümumiyyətlə bağçılıq mədəniyyətinin dünya standartları səviyyəsinə yüksəldilməsi məqsədilə 2 monoqrafiya, 1 kitab, 19 elmi məqalə və 3-ü xarici dildə olmaqla 17 konfrans materialı nəşr edilmişdir. Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası florasının yabanı tərəvəz bitkiləri” adlı monoqrafiya və “Mədəni bitkilərin mənşəyi” adlı dərslik çap olunmuşdur.

    Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılmış, muxtar respublikada 2019-cu ildə 3228 hektar ərazidə kartof, 6246 hektar ərazidə tərəvəz əkini həyata keçirilmişdir.

   Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Özəl investisiya qoyuluşu hesabına Babək rayonunun Nəcəflidizə kəndində 1950,0 kvadratmetr istixana təsərrüfatının yaradılması, Şərur rayonunun Çərçiboğan kəndində 1,3 ha sahədə qızılgül əkininin həyata keçirilməsi başa çatdırılmışdır.Dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunun Ələkli kəndində 640  kvadratmetr istixana təsərrüfatının, Babək rayonunun Məzrə kəndində 1,0 ha ərazidə salınmış üzüm bağının və Ordubad rayonunun Qoşadizə  kəndində 50 kvadratmetr limon istixana təsərrüfatının  yaradılması davam etdirilmişdir. 2019-cu ildə  istixana təsərrüfatının yaradılması məqsədilə bir layihəyə 15000,0 manat  həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

   Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Ötən il bu sahədə bir sıra tədbirlər görülmüş, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 ha sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Culfa, Şahbuz, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 61,56 kilometr suvarma xətti çəkilmiş, mövcud suvarma xətləri təmir edilmişdir.

   Meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişaf etdirilməsinə münbit şərait yaradan amillərdən biri də əldə olunan məhsulun soyuducu anbarlarda saxlanılmasıdır. 2019-cu ildə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına Şərur rayonunun Sərxanlı, Cəlilkənddə, Yuxarı Aralıq, Danyeri kəndlərində ümumi tutumu 1040 ton olan soyuducu anbarların genişləndirilməsi, Yengicə, Çərçiboğan, Çomaxtur, Zeyvə, Düdəngə kəndlərində ümumi tutumu 2000 ton olan yeni soyuducu anbarların tikintisi başa çatdırılmışdır. Babək rayonunun Nehrəm kəndində “Sumqala Tikinti Təchizat”  MMC tərəfindən 2500,0 ton tutumu olan soyuducu anbarın, özəl investisiya qoyuluşu hesabına Şərur rayonunun Yuxarı Aralıq kəndində 125 ton tutumu olan soyuducu anbarın yaradılması davam etdirilmişdir. 2019-cu ildə soyuducu anbarın yaradılması üzrə 2 layihənin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 65 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

   İstehsalçıların fəaliyyətinin stimullaşdırılması, əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi və qiymətlərin tənzimlənməsi məqsədilə soyuducu anbarlara 5900 ton meyvə-tərəvəz məhsulları tədarük edilmişdir. Bu məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılmış, 158 halda orta nümunələr götürülərək təhlil edilmişdir. Həmçinin sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının bazarlara təklif edildiyi nəzərə alınaraq 1062 halda səyyar laboratoriya analizləri aparılmış, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehsal olunan məhsullardan 137 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 15 anbardan, 2 istixanadan, 35 bostandan və 43 satış obyektlərindən götürülmüş məhsulların 105 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir.

   İхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər 2019-cu ildə də davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 102 layihənin maliyələşdirilməsinə 1 milyon 553 min 100 manat dəyərində, o cümlədən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, meyvə qurusunun qablaşdırılması, yabanı növ bitkilərin tədarükü və meyvə araqlarının istehsalı sahələrinin yaradılması məqsədilə 9 layihəyə 67 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

   Ötən il əhali tələbatının ucuz və keyfiyyətli məhsullarla ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkası təşkil olunmuş, yarmarkaya kənd təsərrüfаtı məhsulları ilə yanaşı, ailə təsərrüfatıları, yerli istehsal müəssisələri, soyuducu anbarlar və istixana təsərrüfatları tərəfindən müxtəlif çeşiddə məhsullar çıxarılmışdır. Muxtar respublikada ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Son illərdə bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılmışdır.

   Qeyd olunan dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanılmışdır. 2019-cu ildə Kəngərli rayonunda salınmış püstə bağında mədəni bağçılığın inkişafı, məhsuldarlığın artırılması məqsədilə 500 ədəd calaq olunmuş püstə fidanı sahəyə əkilmiş, 500 ədəd yüksək məhsuldarlıqlı calaqüstü Türkiyə Respublikasından gətirilərək püstə tinglərinə calaq edilmişdir. Ərazinin 6,0 ha sahəsində 1100 ədəd dibçəkdə yetişdirilmiş püstə fidanı, 4,0 ha sahədə isə 2,0 kq püstə toxumları ilə bərpa işləri aparılmışdır.

   2019-cu ildə  Heydər Əliyev Su Anbarının ətrafında 0,5 ha,  Məzrə kəndi yaxınlığında Naxçıvançay vadisində 0,5 ha, Rüstəm Dövlət Meşəsinin yuxarı hissəsində Naxçıvançay vadisində 1,0 ha, Kültəpə Dövlət Meşəsi yaxınlığında Naxçıvançay vadisində 1,5 ha, Biçənək kəndinin ərazisində Naxçıvançay vadisində 0,5 ha sahədə meyvə bağları salınmışdır.

   Naxçıvançay vadisi boyu 3,0 ha, Əlincəçay vadisi boyu 2,0 ha, Gilançay vadisi boyu 8,0 ha sahədə yabanı meyvə və giləmeyvə, həmçinin mədəni meyvə toxumlarından istifadə edilməklə toxumla əkin aparılmışdır. Əkin-bərpa işlərində 7975 ədəd müxtəlif növ meyvə tinglərindən və 117,0 kq meyvə və giləmeyvə toxumlarından istifadə olunmuşdur.

   Arazboyu düzənlik ərazilərdə salınmış meyvə bağlarında tinglərə aqrotexniki qaydada qulluq göstərilmiş, qurumuş və zədələnmiş tinglər bərpa olunmuşdur. Əkin-bərpa işlərində 5362 ədəd müxtəlif növ meyvə tingindən, 825 ədəd üzüm kolundan istifadə edilmişdir. Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması istiqamətində, ümumilikdə, 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində 252,3 ha (13,8 ha üzüm bağı olmaqla) sahədə meyvə bağları salınmış 225184 ədəd müxtəlif növ meyvə tingləri, 27200 ədəd üzüm kolu əkin dövrüyəsinə daxil edilmişdir. Muxtar respublika ərazisində meyvə tinglərinə, üzüm kollarına olan təlabatın davamlı təmin edilməsi, ərazinin torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış ting materialının yetişdirilməsi məqsədilə 4,2 ha ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılmış, 567,0 kq badam, tut, alma, armud, heyva, gilənar, üzüm, cəviz toxumlarından istifadə olunmuşdur. Həmçinin 40000 ədəd üzüm, 38500 ədəd iydə qələmi əkilmiş, 3500 kiloqramdan artıq iqtisadi baxımdan əhəmiyyətli olan yerli məhsuldar meyvə sortlarının toxum materialı və yabanı meyvə və giləmeyvə toxumları tədarük edilmiş, bərpa işlərinin davamlı olaraq aparılması məqsədilə 5166 ədəd dibçəkdə ting yetişdirilmişdir. Aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən isə sığorta işinin əhəmiyyəti mövzusunda torpaq mülkiyyətçilərinin iştirakı ilə rayon, qəsəbə və kəndlərdə müvafiq seminarlar keçirilmiş, 2019-cu ildə 1591 vətəndaşa məxsus əkin sahəsi sığortalanmışdır.

   Geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsullar, onların milli iqtisadiyyata və milli genofondumuza ziyanı, insanların sağlamlığına mənfi təsiri, belə məhsulların muxtar respublikaya idxalına yol verilməməsi barədə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər zamanı maarifləndirmə işi aparılmış, üzərində geni dəyişdirilmiş məhsul olması haqqında məlumatlar olan mallara nəzarət gücləndirilmişdir.Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən daha çox geni modifikasiya olunması ehtimal olunan məhsulların siyahısı hazırlanaraq gömrük sərhəd buraxılış məntəqələrinə təqdim edilmiş, genetik modifikasiya olunmuş məhsulların analizlərinin aparılmasına başlanılmış və muxtar respublikaya idxal olunan qida məhsullarının markalanmasına ciddi nəzarət edilmişdir.

   Dövlət proqramına uyğun olaraq muxtar respublikada şoranlaşmış və qrunt sularının üzə çıxması nəticəsində əkin dövriyyəsindən çıxmış torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması və bu prosesin qarşısının alınması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılmış, Şərur, Culfa, Babək, Sədərək  rayonlarında  bataqlaşan  və şoranlaşan torpaq sahələrində kollektor-drenaj şəbəkəsinin bərpasına başlanmış, proqramın qəbulundan ötən dövr ərzində 142,36 km kollektor, 21,47 km açıq drenaj lildən təmizlənmiş, 31,78 km yeni açıq drenaj, 4,12 km yeni qapalı drenaj tikilmişdir.

      Tingçilik təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə 2019-cu ildə Şərur rayonunda 5 sahibkar 8,0 ha qədər, Babək rayonunda isə 3 sahibkar 4,0 ha əkinəyararlı torpaq sahəsində yaratdığı tingçilik təsərrüfatında müxtəlif meyvə növlərinin məhsuldar sortlarından ting yetişdirməklə satışı həyata keçirilmişdir. Culfa rayon Kırna kəndində 0,5 hektar ərazidə 30000 ədəd üzüm tingi salınmaqla tingçilik təsərrüfatı yaradılmışdır.

   Kənd təsərrüfatında ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin və pestisidlərin satış şəbəkələrinin genişləndirilməsi diqqətdə saxlanılmış, 2019-cu il ərzində muxtar respublika üzrə 475 hektar yonca sahəsində zərərvericilərə, 1121 hektar taxıl və cavan meyvə bağlarında gəmiricilərə, 93 hektar kartof sahəsində Kolorado kartof böcəyinə, 8012 hektar taxıl sahəsində alaq otlarına, 21 hektar sahədə bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasında torpaq mülkiyyətçilərinə metodik köməkliklər göstərilmişdir. Bu məqsədlə xarici ölkələrdən müxtəlif spektrli bitki-mühafizə dərmanları alınıb gətirilərək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazarlarında yaradılmış apteklərində satışı həyata keçirilmişdir. Muxtar respublikanın torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə edilməsi, əkinəyararlı torpaq sahələrinin məhsuldarlığının yüksəldilməsində intensiv amillərin rolunun artırılması, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Kəngərli rayonunda taxılçılıq, bostançılıq, tərəvəzçilik və meyvəçilik üzrə əkin atlası hazırlanmışdır.

    Kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılmasının dəstəklənməsi məqsədilə muxtar respublikada ailə təsərrüfatı ilə məşğul olan şəxslərə informasiyaların verilməsi, maddi dəstək göstərilməsi, həmçinin onların potensialından cəmiyyətin iqtisadi həyatında səmərəli istifadə olunması məqsədilə Ailə Təsərrüfatları İctimai Birliyi təsis edilmişdir.

 Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti