"İxrac ili" iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcəkdir

   Xarici ticarət sosial-iqtisadi tərəqqi tempinə təsir göstərən əsas vasitələrdən biridir. Odur ki, hər bir dövlət imkan daxilində xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsinə xüsusi önəm verir. Başqa bir müsbət cəhət xarici ticarətin yerli iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına təsir göstərməsi, əsas stimullaşdırıcı faktorlardan birinə çevrilməsidir.

   Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Mal və xidmətlərin ixracı hesabına əhali rifahının təmin olunması dövlətlərin apardığı iqtisadi siyasətdə əsas yerlərdən birini tutur.

  Muxtar respublikamızda son illər ixracyönümlü məhsul istehsalı prioritet məsələlərdən birinə çevrilmişdir. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikamızda istehsal olunan 383 növdə məhsul daxili bazarın tələbatlarını ödəməklə yanaşı, idxaldan asılılığın da azaldılmasında mühüm rol oynayır. Qeyd edək ki, hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.

  Muxtar respublikada ilk müsbət saldonun qeydə alındığı, ixracın idxalı üstələdiyi il kimi yadda qaldığı 2009-cu ildən ötən 10 illik zaman kəsiyində iqtisadiyyatımızda müsbət meyilli dəyişikliklərin artması, dövlətin sahibkara yaratdığı mühit və göstərdiyi qayğının nəticələri hərkəsi sevindirir.

   Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikasında da daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi regionun ixrac imkanlarını artırmışdır. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verir. İqtisadiyyatın diversifikasiyası və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmiş, 2019-cu ildə xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dollarına çatmış, xarici ticarətdə 354 milyon ABŞ dollarından çox həcmdə müsbət saldo yaranmışdır.

  Bu isə yerli istehsalın inkişafı və nəticədə daxili bazarın xarici məhsullardan asılılığının azalması deməkdir.

  Vurğulamaq yerinə düşər ki, ixracyönümlü, Naxçıvan mənşəli məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirləri gücləndirmək də əsas prioritetlərdəndir. Bu məqsədlə 2019-cu ildə keçirilmiş 33 beynəlxalq tədbirdə muxtar respublikadan 122 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir.

  Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyilləri artmaqdadır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənməkdədir.

   2019-cu ildə 58 milyon 34 min manat dəyərində 10 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 11 halda ixrac əməliyyatı üzrə 10 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına imkan yaratmışdır. 

   Bu cür sistemli tədbirlər nəticəsində muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanları artmaqla iqtisadi əlaqələrimiz daha da genişlənmişdir. Muxtar respublikanın iqtisadiyyatında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazırkı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaqdan ibarətdir.  Bu mənada dövlətin  bu sahəyə daha bir qayğısının şahidi oluruq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması şübhəsiz iqtisadiyyata yeni ruh gətirməklə yanaşı inkişafın əsas indiqatoru olacaqdır.

   İxracın artırılmasına nail olmaq üçün qarşıda duran əsas istiqamət isə rəqabət qabiliyyətli və yüksək keyfiyyətli məhsulların istehsalını təşviq etmək, müəssisələrin mövcud potensialını inkişaf etdirmək, məhsulların daha geniş məkanda təbliğini təmin etmək və real sektorda dayanıqlı ixraca nail olmaqdan ibarətdir. Önümüzdəki dövrdə bu istiqamətlərlərdə həyata keçirilən tədbirlər daha da gücləndiriləcəkdir. 

 

Rəmzi Əlizadə

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin əməkdaşı