Naxçıvan şəhərində Novruz bayramı ilə əlaqədar bayram yarmarkası təşkil olunacaq

  
  Novruz bayramı və baharın gəlişi münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram yarmarkası təşkil olunacaq.

  Martın 14-də fəaliyyətə başlayacaq yarmarkaya muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilən kənd təsərrüfatı məhsulları çıxarılacaq. Bayram günlərində əhalinin tələbatını ödəmək və daha ucuz qiymətə məhsulların satışını təşkil etmək məqsədilə keçiriləcək yarmarkaya torpaq mülkiyyətçiləri və sahibkarlar üçün ayrıca satış yerləri ayrılacaq. Satışa çıxarılacaq məhsullar sanitar-gigiyena nəzarətindən keçiriləcək, ət və süd məhsullarında baytarlıq müayinəsi aparılacaqdır. 

  Bayram yarmarkasına muxtar respublikanın bütün rayonlarından məhsullar alıcılara təklif ediləcək  və bazar qiymətlərindən orta hesabla 15-20 faiz ucuz satılacaq.

    Naxçıvan şəhərindəki mərkəzi bazarda təşkil edilmiş yarmarka martın 22-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti